Qaydasız döyüş üzrə dünya çempionu Avropa.info-ya danışdı


 «Ali Baş Komandanın əmri ilə Qarabağda ən öndə vuruşmağa hazıram»

Bu ilin mart ayının beşində Budapeştdə qaydasız döyüş idman növü üzrə dünya çempionatı keçirilib.
Avropa.info xəbər verir ki, həmyerlimiz Əli Nəcəfi çempionatın final mərhələsində qələbə qazanaraq dünya çempionu adına layiq görülüb.
İdmançı Əli Nəcəfidən aldığımız müsahibəni sizə təqdim edirik:
— Necə oldu ki, idmanı seçdin? Sadəcə, özün üçünmü məşğul olurdun, yoxsa peşəkarcasına idmana gəlmək fikrin var idimi?
— Mən də bir çoxları kimi əvvəlcə özüm üçün məşğul olmağa başlamışdım. Daha sonra qarşı tərəfdən müqavimət və güc gördükcə insanın bu sahəyə marağı da artır və daha çox irəli getməyə çalışırsan. Həmçinin bu yolda bəzi nailiyyətlər əldə etdikdən və idman aləmində özünü tanıdıqdan sonra bu yolun çətin və layiqli bir peşə olduğunu başa düşürsən.  Düşünürəm ki, hər bir kişi özü üçün də olsa idmanla mütləq məşğul olmalıdır.
— İndiki döyüş növündən fərqli olaraq ilk dəfə hansı idman növündə yarışa çıxmısan?
— İlk olaraq yarışa karatenin Şoto-kan döyüş növündə yarışmışam. Onu da deyə bilərəm ki, o vaxt karate Azərbaycanda daha çox dəbdə idi və təbii olaraq bütün cavanlar da karateyə yönəlirdi. Mən də bu sahədə 3 dəfə respublika çempionu olmuşam, həmçinin digər turnirlərin də qalibi olmuşam. Amma bütün bunlara baxmayaraq ailəm həmişə oxumağımı istədikləri üçün məni yarışlardan çəkindirirdilər. Dərslərimdə geriləmələrə yol verən kimi idmandan uzaqlaşmağımı istəyirdilər. Hətta Avropa çempionatına getməyimə də “uzaqdır” deyərək mane olmaq istəyirdilər.
— Bəs beynəlxalq yarışlarda hansı idman növündən yarışlara çıxmağa başlamısan? 
— Beynəlxalq yarışlarda ilk dəfə boks idman növü üzrə çıxmışam. Artıq 2004-cü ildən Moskvada yaşayıram və orada yarışlara çıxıram.
— Yarışlarda ancaq Azərbaycanımı təmsil etmisən? 
— Bəli. Ancaq Azərbaycanı təmsil edir və Azərbaycanın bayrağını qaldırmağa çalışırdım.
— Boks üzrə beynəlxalq yarışlarda nailiyyətin varmı?
— Ümumiyyətlə boks üzrə yarış və turnirlərdə çox nailiyyətlərim olub. Bakıda və Moskvada keçirilən yarışlarda ikinci və üçüncü yerləri tutmuşam. Daha sonra artıq peşəkar döyüşlərdə iştirak etməyə başlamışam. Boks üzrə peşəkarların qarşılaşdığı yarışlarda biri heç-heçə, beşi isə qələbəmlə nəticələnən qarşılaşmalarım olub.
— Bəs qaydasız döyüş üzrə yarışlarda iştirak etməyinin səbəbi nə oldu?
— Yarışlarda iştirak etmək üçün Çinə getmişdim. Orada məşq prosesində, yəni yarışa hazırlaşarkən Braziliya Ciu-Citsu idman növü ilə tanış oldum və bu idman növü mənim çox xoşuma gəldi. Daha sonra bu idman növü ilə məşğul olmağa başladım.
— Qaydasız döyüşlə məşğul olmağa başladıqdan sonra sənə uğur qazanmağa neçə il vaxt lazım oldu?
— Mənim bu sahədə çox əziyyətim olub. 32 yaşımın olmasına baxmayaraq, mən hələ indi dünya çempionu olmağa müvəffəq olmuşam. Amma bu idman növündə 24-25 yaşlı idmançıların çempion olduğunu görmək mümkündür. Sadəcə, gec başladığım üçün də çempion olmaqda gecikdiyimi düşünürəm. Mənim də səhhətimdə problemlər yarandı. Həkimlər mənə idmandan tamamilə uzaqlaşmağımı məsləhət gördülər. Buna baxmayaraq yenə idmanı buraxmadım və iştirak etdiyim yarış və turnirlərdə də yaxşı nəticələr əldə etdim.
— Dünya çempionu olduğunu final görüşünə girəndə və həmin döyüşdən çıxanda nələr hiss edirdin?
— Final görüşünə gəlib çatana qədər neçə-neçə döyüşlər keçirirsən və düşünürsən ki, artıq buradan geriyə dönüş yoxdur və mən qələbə çalmalıyam. Bu çətinlikləri keçən insan başqa heç bir şey düşünmür. Yeganə qorxduğun şey döyüşdə məğlub olmaqdır.
Döyüşdən sonra isə hələ əvvəlcə key kimi olur və heç nə hiss etmirsən. Daha sonra bir müddət keçir və sən gərgin əməyinin qarşılığını aldığını dərk edirsən.
Final görüşünü axşam bütün macar xalqı gözləyir və hamının diqqəti orada idi. Çünki qarşılaşdığım idmançı macar idi. Rəqibin çəkidə məndən üstün olmasına baxmayaraq mən ona qələbə çalmağa nail oldum. Yarışın birinci raundunda iki dəfə qırıcı fəndən istifadə etdim və rəqibim hər iki fəndən çıxmağa nail oldu. Mən təbii ki, bir az məyus olmuşdum. “Görəsən nəyi doğru etmədim”, deyə düşünməyə də başlamışdım. Amma ikinci raund başlayanda rəqib tərəf rinqə çıxmaqdan imtina etdi. Çünki rəqibim mənim qırıcı fənnimdən travma almışdı.
— Son günlərdə cəbhə bölgəsində tez-tez atəşkəs pozulur. Atəşkəsin əldə olunmasına baxmayaraq hər an yenidən döyüşlər başlaya bilər. Sənin bir idmançı kimi buna fikrin nədir?
— Azərbaycanlı olaraq Qarabağ bizim qeyrətimizdir. Hər kəs, hər zaman vətənin müdafiəsinə hazır olmalıdır. Səfərbərliyin olmamasına baxmayaraq, mən də öz idmançı yoldaşlarımla hər dəqiqə Qarabağ uğrunda döyüşlərdə iştirak etməyə hazırıq. Təkcə döyüşlərdə iştirak etməyi yox, məhz ön cəbhədə hər kəsdən qabaqda iştirak etməyi arzulayırıq. Ali Baş Komandan  cənab prezident İlham Əliyevin əmri yetərlidir ki, biz ön cəhbənin ən qaynar nöqtəsində düşmənə qarşı vuruşaq.

Оставьте комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *